Skip to main content

Human Rights Watch təşkilatının təsis etdiyi Alison Des Forges Mükafatı başqalarının ləyaqətini və hüquqlarını qorumaq məqsədi ilə öz həyatlarını təhlükəyə ataraq böyük cəsarət nümünəsi göstərən şəxslərə təqdim edilir. Belə cəsarətli fəallarla əməkdaşlıq edən Human Rights Watch-un məqsədi heç bir zorakılıq, ayrı-seçkilik və təzyiq olmadan insanların yaşayacağı bir dünya yaratmaqdır.

Khadija Ismayilova © Jahangir Yusif

Sərt avtoritar rejim tərəfindən idarə olunan neftlə zəngin keçmiş Sovet ölkəsi Azərbaycanda Xədicə İsmayılova ömrünü insan hüquqlarına həsr edən məşhur araşdırmaçı jurnalistdir. İki il Azadlıq Radiosunun Bakı bürosunun rəhbəri, daha sonra isə talk-show aparıcısı kimi çalışan Xədicə İsmayılova ciddi jurnalist araşdırmaları həyata keçirib və dövlət rəsmiləri, eləcə də hakim ailənin yüksək rütbəli şəxsləri tərəfindən yol verildiyi ehtimal olunan korrupsiya, qanunsuz və qeyri-etik biznes fəaliyyətləti barədə hesabatlar hazırlayıb. O, ifadə və toplaşmaq azadlığının tamamilə məhdudlaşdırıldığı Azərbaycanda ədalətsiz həbs olunmuş fəalların azad edilməsi üçün cəsarətli çıxışlar etmiş insan hüquqları müdafiəçisidir.      

Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməsi ilə əlaqədar Azərbaycan hökumətinin 2011-ci ildən başlayaraq apardığı tikinti işləri insanların mülkiyyətinin hökumət tərəfindən qanunsuz olaraq məcburi özgəninkiləşdirilməsi və mənzil sahiblərinin zorla köçürülməsi halları ilə müşaiət edilmişdir. Bütün bu pozuntularla bağlı Xədicə İsmayılova hökumətin fəaliyyətini ifşa etmiş və mənzillərindən zorla köçürülmüş şəxslərə ədalətli kompensasiya ödənilməsinin vacibliyini yorulmadan təbliğ etmişdir. Digər araşdırma yazılarında Xədicə İsmayılova hakim ailə tərəfindən ölkədəki nəqliyyat sisteminin, bankların, mədən əməliyyatlarının və bir sıra digər sahələrin ələ keçirməsi haqqındakı iddiaları ortaya qoymuşdur. Azərbaycan hökuməti Xədicə İsmayılovaya qarşı təhdid və hədə-qorxu gəlməklə və dövlət nəzarətində olan media qurumlarında onun əleyhinə çirkin kampaniya aparmaq yolu ondan qisas almağa çalışmışdır.   

Mücərrədlikdən uzaq olaraq, Xədicə məhz birbaşa görüşdüyü və barəsində yazdığı bir çox şəxslər üçün özünü tərəddüdsüz şəkildə həqiqətin və ədalətin nail olunmasına həsr edib. Onun ədalətliliyi və cəsarəti məni son dərəcə ilhamlandırır.
Giorgi Gogia,

HRW təşkilatının Avropa və Mərkəzi Asiya bölməsində Cənubi Qafqaz ölkələri üzrə direktor

Xədicə İsmayılova bütün bunlardan çəkinməyərək öz araşdırmalarını davam etdirib. Azərbaycanın 2015-ci ilin iyun ayında keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyinə hazırlaşdığı ərəfədə hökumətin azad səslərə qarşı təzyiqləri daha da sərtləşməyə başlamışdır. Bir sıra insan hüquqları müdafiəçiləri, eləcə də İsmayılova həbs edilmişdir. Siyasi-motivli ittiham, saxta məhkəmə prosesi və eləcə də aparılan qaralama kampaniyasından sonra 1 sentyabr 2015-ci il tarixdə Xədicə İsmayılova 7 il 6 ay azadliqdan məhrum edilmişdir. 

İfadə azadlığına qarşı Azərbaycanda misli görünməmiş təzyiqlər fonunda Xədicə İsmayılovanın bir jurnalist və insan hüquqları müdafiəçisi kimi nümayiş etdirdiyi qeyri-adi cəsarəti Human Rights Watch təşkilatı çox yüksək qiymətləndirir.    

 

 

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.