Skip to main content
Milli Məclisinin binası qarşısında jurnalistlərin etiraz aksiyası zamanı polis “Jurnalistika cinayət deyil” yazılmış plakatı ələ keçirir, 28 Dekabr 2021-ci il, Bakı.2023-cü ilin noyabrında Azərbaycan hakimiyyəti şəkildə olan Abzas Media-nın direktoru Ülvi Həsənli və onun beş həmkarını saxta ittihamlarla həbs edib. Onların altısının hamısı istintaq təcridxanasındadır.  © 2021 Əziz Kərimov/Getty Images
  • Azərbaycan hakimiyyəti Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı olan, COP29-a ev sahibliyi etməyə bir neçə ay qalmış vətəndaş cəmiyyəti fəallarını, jurnalistləri və hüquq müdafiəçilərini siyasi motivli, qurama cinayət ittihamları ilə təqib edib və həbsə atıb.
  • • Hakimiyyət, qeyri-hökumət təşkilatlarının qeydiyyatdan keçmək, maliyyə əldə etmək və ya qanuni fəaliyyət göstərmək imkanlarını çətinləşdirmək üçün özbaşına yüksək məhdudlaşdırıcı qanunlar qəbul edir. Fəaliyyətini davam etdirən qeydiyyatdan keçməmiş qruplar bunu qanundankənar, həyatlarını riskə ataraq etməli olurlar.
  • • Azərbaycan haqsız yerə həbs edilənləri dərhal və qeyd-şərtsiz azad etməli və repressiyaları dayandırmalıdır. BMT və iqlim konfransında iştirak edən dövlətlər isə iqlim dəyişikliyinə qarşı qətiyyətli mübarizə aparmaq üçün inkişaf edən və müstəqil vətəndaş cəmiyyətinin vacibliyini qeyd etməlidirlər.

(Nyu-York, 8 oktyabr 2024-cü il) – Azərbaycan hakimiyyət tənqidçilərinə, müstəqil qruplara və mediaya qarşı amansız hücum həyata keçirir, deyə “Human Rights Watch” və “Freedom Now” təşkilatlarının bu gün yayımlanan birgə hesabatında deyilir. Azərbaycan 11 noyabr 2024-cü ildə Bakıda ev sahibliyi edəcəyi BMT-nin iqlim dəyişikliyi konfransı olan COP29-un açılışına cəmi bir neçə ay qalmış repressiyaları gücləndirilib.

74 səhifəlik “‘Biz görünməz qalmağa çalışırıq’: Azərbaycanın tənqidçilərinə və vətəndaş fəallarına qarşı artan repressiyaları” adlı hesabatda hakimiyyətin vətəndaş cəmiyyətini məhv etmək və təndiqçilərini susdurmaq sahəsində davamlı səylərini sənədləşdirilib. Hakimiyyət orqanları onlarla insanı siyasi motivli, saxta cinayət ittihamları ilə həbs edib. Onlar həmçinin müstəqil qrupları və medianı qanundankənar fəaliyyətə sövq edən repressiv qanunları özbaşına tətbiq edib, onların cinayət təqibi ilə üzləşmə ehtimallarını artırıblar. İşçi qrupları 33 səs-küylü cinayət təqibi, həbs və sıxışdırılmanı qeydə alıblar. Onlar müəyyən ediblər ki, Azərbaycan hakimiyyəti qeyri-hökumət təşkilatları (QHT-lər) sahəsində fəaliyyəti tənzimləyən qanunlardan məqsədli şəkildə sui-istifadə edərək müəyyən qrupların qeydiyyat və maliyyələşməsinə maneələr yaradıb, onlarla əlaqəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediblər.

“Azərbaycan hökumətinin vətəndaş azadlıqlarına hörmət etməməsi müstəqil qrupları və tənqidi medianı məhvə doğru aparır”, - deyə “Human Rights Watch”ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia bildirib. “Bu, hökumətin COP29 ərəfəsində təqdim etməli olduğu imic deyil. Hökumətin reputasiyasını yüksəltmək məqsədiylə həbsdə olan tənqidçilərini azad etməsi və vətəndaş cəmiyyətinə qarşı saxta ittihamlarla həbsləri dərhal dayandırması üçün hələ də gec deyil, ancaq məhz indi addım atılmalıdır”

“Human Rights Watch” və “Freedom Now” təşkilatları 40-dan çox azərbaycanlı vəkil, saxlanılanların yaxınları, qeyri-hökumət təşkilatlarının əməkdaşları və rəhbərləri ilə müsahibələr aparıb. Onlar Azərbaycanda QHT-lərlə bağlı qanunları və əsasnamələri, müvafiq cinayət işlərinə aid hüquqi sənədləri, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını və başqa sənədləri nəzərdən keçiriblər.

Hakimiyyət Azərbaycanda varlığını qorumuş Abzas Media və Toplum TV də daxil olmaqla üç müstəqil onlayn xəbər platformasını aqressiv şəkildə hədəfə alıb. Onlar bu üç platformanın ən azı 12 media mütəxəssisini və bir neçə digər əlaqəli şəxsi həbs edib, cinayət məsuliyyətinə cəlb ediblər. Hakimiyyət orqanları Abzas Media və Toplum TV-nin ofislərində axtarış aparıb, ofislərini möhürləyib, avadanlıqlarını müsadirə ediblər. Onların sosial şəbəkələrdəki hesablarını sındırıb və veb-saytlarını bloklayıblar. Hakimiyyət həmçinin digər media orqanlarının reportyorlarını və qeydiyyatdan keçməmiş bir neçə qrupun liderlərini, həmkarlar ittifaqı fəallarını, habelə hakimiyyətin siyasətini tənqid etməyə cürət etmiş başqalarını həbs edib.

Saxlanılan və həbsə atılanlar arasında veteran hüquq müdafiəçisi Anar Məmmədli də var. O həbsindən bir neçə həftə əvvəl COP29 öncəsi Azərbaycanda vətəndaş azadlıqları və ekoloji ədaləti hədəfləyən iqlim ədaləti təşəbbüsünün həmtəsisçisi olub. O, qurama qaçaqmalçılıq ittihamı ilə məhkəməsini gözləyir.

2023-cü ilin iyulunda hakimiyyət tanınmış iqtisadçı və korrupsiya ilə mübarizə fəalı Qubad İbadoğlunu həbs edib. O, digər məsələlərlə yanaşı neft və qaz sektorunda gəlirlərin şəffaflığı üzrə ixtisaslaşıb. Hal-hazırda ev dustaqlığında olan doktor İbadoğlu saxta pul hazırlama və ekstremizm ittihamı ilə məhkəməsini gözləyir və təqsirli bilindiyi təqdirdə 17 ilə qədər həbs cəzası ala bilər.

Qruplar müəyyənləşdiriblər ki, Ədliyyə Nazirliyi müəyyən qrupların qeydiyyatdan keçməsinə mane olmaq, onların maliyyə əldə etmə və ya qanuni fəaliyyət göstərmə imkanlarını məhdudlaşdırmaq üçün qanunun müddəalarını selektiv tətbiq edir və ya ümumiyyətlə qanunu görməzdən gəlir. Nəticədə bəzi qruplar və media orqanları fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb, digərləri isə qanuni fəaliyyətlərini davam etdirə bilmək üçün ancaq qanundankənar işləməyə vadar olunaraq böyük şəxsi risklərlə üzləşiblər. Hesabatda qeydə alınmış 33 hadisədən 20-sində şəxslər ölkəyə qaçaqmalçılıq yolu ilə pul keçirtməkdə ittiham olunublar. Bəzi şəxslər həmçinin qeyri-qanuni sahibkarlıq, çirkli pulların yuyulması, sənədlərin saxtalaşdırılması və vergidən yayınma kimi digər cinayətlərdə də ittiham olunublar.

Təşkilatın sözlərinə görə, bir çox hallarda açıq-aydın görünür ki, hakimiyyət orqanları fəalları qanuni fəaliyyətlərini yerinə yetirmək cəhdinə görə qisas məqsədiylə təqib edirlər. Çünki qoyulan qaydalar fəalların müstəqil fəaliyyət göstərməsini faktiki olaraq qeyri-mümkün edir və onların cinayət təqibi ilə üzləşmə ehtimallarını artırır. 

Beynəlxalq hüquqa görə Azərbaycan hökuməti ölkədə ifadə azadlığı, sərbəst toplaşma və birləşmə azadlığını müdafiə etmək öhdəliyini götürüb. Bura, ortaq maraq sahəsində kollektiv fəaliyyət göstərmək üçün hüquqi şəxs yaratma imkanı da daxildir. Avropa İnsan Haqları Məhkəməsi, Azərbaycan hökumətinin müstəqil QHT-ləri qeydiyyata almaqdan imtina etməsi ilə birləşmə azadlığını pozmasına dair bir sıra qərarlar qəbul edib. Bu hallardan ən az birində məhkəmə, hakimiyyət orqanlarının hüquqları “gizli məqsəd”lə məhdudlaşdırdığını, yəni müraciət edənləri insan haqları sahəsində fəaliyyətlərinə görə cəzalandırmaq niyyətində olduqlarını müəyyən edib.

Qruplar bildirdilər ki, hökumət müstəqil qrupların qanuni fəaliyyətlərini maneəsiz həyata keçirmələrini dərhal təmin etməlidir, o cümlədən müstəqil qrupları və medianı tənzimləyən repressiv qanunları ləğv etməlidir. Hökumət həmçinin, siyasi motivli ittihamlarla həbs olunmuş bütün şəxsləri dərhal və qeyd-şərtsiz azad etməlidir.

COP29 öncəsi, BMT-nin İqlim Dəyişikliyi Çərçivə Konvensiyasına (UNFCCC) üzv dövlətlər və katibliyi, qətiyyətli iqlim tədbirlərini həyata keçirmək üçün inkişaf edən və müstəqil vətəndaş cəmiyyətinin təmin edilməli olduğunu Azərbaycan hakimiyyətinin diqqətinə çatdırmalıdır. Onlar bütün fərdlərin və qrupların konfransdan əvvəl, konfrans zamanı və konfransdan sonra iqlim tədbirləri üçün azad şəkildə çağırış etmələrinə və tədbirləri diqqətlə izləmələrinə imkan verilməsini qeyd etməlidilər.

“Azərbaycan hökuməti ədalətsiz həbs və QHT-lərə qarşı məhdudlaşdırıcı qanunlar vasitəsilə vətəndaş cəmiyyətini kökünü kəsməyə çalışır,” – deyə “Freedom Now” təşkilatının icraçı direktoru Andrea Prasow qeyd edib. “Dövlətlərin və BMT rəsmilərinin COP29 tədbirindən əvvəlki bu həssas zamanda Azərbaycanı haqsız yerə həbs olunmuş fəalları dərhal və qeyd-şərtsiz azad etməyə çağırmalı və COP29 ərəfəsində və sonra insan hüquqlarına riayət etməyə dair söz verməsini təmin etməlidi.”

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.